Maskot “Luici” Avropa çempionatının iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib
Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı gimnastika həvəskarlarına ulduz gimnastların möhtəşəm və valehedici çıxışlarını izləmək imkanı verib. Avropa Gimnastikasının maskotu - “Luici” adlı meymun isə ictimaiyyətə və yarış iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib.

O, öz nadinc hərəkətləri ilə təkcə tribunalardakı tamaşaçıları deyil, həm də gimnastları və hakimləri də ruhlandırıb.

Qeyd edək ki, meymun “Luici”nin obrazını ABŞ-dan olan iki peşəkar aktyor Skott Hesinqton və Qaret Solomon canlandırıb.

Xatırladaq ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb. Gənclərdən ibarət qrup komandamız çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent və iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.

Xəbər 183 dəfə oxundu.