Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib | |
Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna yekun vurulub. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar. Yarışı “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen və Serxio Peres ilk üçlüyü tamamlayıblar. Beləliklə, Azərbaycan Qran-Prisinin start düzülüşü bəlli olub. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışıblar. Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər. |
|
Xəbər 148 dəfə oxundu. |
|
|