Raqif Abbasov: Formula 1 izləyiciləri növbəti dəfə ölkəmizin idmana verdiyi dəyəri əyani görəcəklər
Dünya əhəmiyyətli yarış olan Formula 1-in ölkəmizdə keçirilməsi tarixi hadisədir. Formula 1 yarışı dünyada çoxlu sayda izləyici ilə yanaşı, geniş televiziya auditoriyası olan bir idman növüdür. Növbəti dəfə bu çoxmilyonlu televiziya auditoriyası Azərbaycanın paytaxtı Bakı şəhərinin gözəlliyini, dövlətimizin iqtisadi qüdrətini, idman ölkəsi olaraq bu sahəyə verdiyi dəyərləri əyani görəcək.

Bu sözləri açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

İdarə rəisi vurğulayıb ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrətinin əyani göstəricisidir. Ölkəmizdə çox sayda beynəlxalq yarışların keçirilməsi təkcə Azərbaycanın tanıtımı üçün deyil, həm də ölkəmizi canlı olaraq görmək üçün gözəl bir fürsətdir. Formula 1 yarışı ölkəmizə çoxsaylı ölkələrdən turistlərin, media mənsublarının gəlişi deməkdir. Onları əyani olaraq Azərbaycanın gözəlliyini və yarışın yüksək səviyyədə təşkilini görmüş olacaqlar. İqtisadi gəlirlərlə yanaşı, turizm infrastrukturunun inkişafına da böyük töhfə verən bu yarışın keçirilməsi, eyni zamanda, Azərbaycanı dünyaya öz üzərinə düşən öhdəlikləri yüksək səviyyədə icra edən bir ölkə kimi tanıdır.

Siyasi nöqteyi-nəzərdən Formula 1 yarışının böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıran R.Abbasov bildirib ki, postmüharibə dövründən sonra keçirilən bu yarış Azərbaycanın bu gün idman vasitəsilə dünya ölkələrinə ünvanlanmış bir mesajıdır. Formula 1-in ölkəmizdəki təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Gənclər və İdman Nazirliyi və digər aidiyyəti qurumlar, şirkətlər trasın hazırlanmasına yüksək diqqət yetirirlər. Bunun nəticəsidir ki, yarışda böyük rəğbətlə çıxış edən pilotlar Bakı trasının ən maraqlı, sürətli və yaddaqalan olduğunu vurğulayırlar.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sosial layihələrdə yaxından iştirak edir və bu, yüksək qiymətləndirilməlidir. Yürüşlə yanaşı, həm də Dənizkənarı Milli Parkda axşam proqramlarında müxtəlif bədii, əyləncəli viktorinalar keçirilir. Eyni zamanda, həmin məkanda müxtəlif suvenir məhsullarının satışının təşkili Azərbaycanın tanıtımı üçün çox vacibdir. İnanırıq ki, builki yarışda yüksək səviyyədə təşkil olunaraq Formula 1 azarkeşləri üçün yaddaqalan olacaq və Azərbaycana gəlmiş xarici qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar.

Xəbər 171 dəfə oxundu.