Bu il Azərbaycan Qran-Prisini izləməyə gələcək əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatacaq
“Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il də yeni rekordlara imza atmağa davam edir.

Azərbaycan Qran-Prisində bu il ötən altı il ilə müqayisədə bilet satışı ən yüksək səviyyəyə çatıb.

Ötən illərdə keçirilən altı yarışla müqayisədə bu il aprelin 28-30-də baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizi ziyarət edəcək. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünya üzərində mövcud 193 ölkənin yarısından çoxu öz ölkəsini məhz Bakı yarışında təmsil edəcək. Bu rekord, öz növbəsində, beynəlxalq arenada 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinə olan böyük marağın və diqqətin göstəricisidir.

Son altı illə müqayisədə ilk dəfə olaraq Azərbaycan Qran-Prisini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatacaq.

Azarkeşlərin Bakı yarışına olan böyük marağı nəticəsində “Sahil”, “Abşeron” “B” sektoru, “Filarmoniya” tribunalarından sonra “Muğam” və “Bulvar” tribunalarına olan biletlər tamamilə satılıb. Beləliklə, adıçəkilən bu tribunalara yerlərin satılması ilə biletlərin 90 faizi satılıb. Paytaxtımızın yeddinci dəfə ev sahibliyi edəcəyi həyəcanlı Formula 1 yarışı üçün biletlər sürətlə satılır və son iki həftədə artıq sadəcə son tribunalarda az sayda yerlər qalıb.

Yarışın milli mətbuat katibi Turab Teymurov azarkeşləri həyəcanın maksimum həddə olacağı bu yarışda yerlərini əvvəlcədən tutmağa çağırıb: “Hər kəsə məlumdur ki, Formula 1 Azərbaycan Qran-Prisi gözlənilməzlərlə dolu bir yarışdır. Bakı yarışının bu xüsusiyyəti bilet satışlarında da öz əksini tapır. Avtoidmanın zirvəsi sayılan Formula 1-in şəhərimizə qayıtmasına cəmi iki həftə qalıb. Bütün F-1 azarkeşlərini yenidən Bakıda salamlamağı səbirsizliklə gözləyirik, onları burada daha bir möhtəşəm yarış həftəsi gözləyir”.

Azarkeşlərin sevimli şəhər yarışı olan Formula 1 Azərbaycan Qran-Prisi həm trekdə, həm də trekdən kənarda onlara fasiləsiz adrenalin və əyləncə yaşatmağı vəd edir. Cari mövsümün ilk sprint yarışı məhz Bakıda keçiriləcək və avtoidman həvəskarları dünya ulduzları DJ Don Diablo və Hardwell tərəfindən baş tutacaq əsas konsertlərdən zövq ala biləcəklər.

Xəbər 163 dəfə oxundu.