Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirin açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirin açılış mərasimi olub.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə əvvəlcə iştirakçı ölkələrin paradı olub.

Açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə artıq üçüncü dəfə Bakının bu mötəbər yarışa ev sahibliyi etdiyini qeyd edib. Xatırladıb ki, daha əvvəl 2018-ci və 2019-cu illərdə “AGF Trophy” beynəlxalq turniri paytaxtımızda təşkil olunub: “Əvvəlki illərdən fərqli olaraq, bu dəfə biz 14 ölkədən, həm gənclər, həm də böyüklər yaş kateqoriyasına daxil olan zərif gimnastların mübarizəsinin şahidi olacağıq”.

Baş katib bildirib ki, ölkəmizdə belə yarışların təşkili heç də təsadüfi deyil. Azərbaycan gimnastlarının irimiqyaslı beynəlxalq yarışlarda göstərdikləri nəticələr Bakı məktəbinin uğurundan xəbər verir. Bu da öz növbəsində paytaxtımızda keçirilən beynəlxalq yarışlara xarici gimnastların marağını artırmaqla yanaşı, Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edən gimnastların sayını gündən-günə artırır. Bütün bunlar dövlətimiz tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən diqqət, ölkənin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülmüş işlərin nəticəsidir.

Bütün yarış iştirakçılarına uğurlar arzulayan N.Məmmədzadə beynəlxalq turniri açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Turnirdə14 ölkədən 119 gimnast iştirak edəcək. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Yarışda böyük yaşlı fərdi gimnastlar arasında təcrübəli idmançımız - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, 34-cü beynəlxalq Qran-pri yarışının qalibi və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı Zöhrə Ağamirova, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova, eləcə də bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan gənc gimnastlarımız mübarizəyə qoşulacaqlar.

Böyüklər arasında qrup hərəkətləri proqramında isə dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının üçqat bürünc medalçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığmamızın üzvləri xalça üzərinə çıxacaqlar.

Bununla yanaşı, gənclər arasında ölkəmizi qrup hərəkətləri üzrə iki komanda təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 208 dəfə oxundu.