Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətini davam etdirir | |
Formula 1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi tam gücü ilə fəaliyyətini davam etdirir. Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı Şəhər Halqası (BŞH) Akademiyası tərəfindən intensiv təlimlər keçirilib. BŞH könüllüləri Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər. BŞH-nın İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova jurnalistlərə bildirib ki, mərkəzdə 100-ə yaxın könüllü fəaliyyət göstərir. Builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə, yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edirlər. “Bakı Şəhər Halqasının könüllüləri bütün əməliyyatlara cəlb olunurlar. Belə irimiqyaslı tədbir üçün könüllülər ciddi təlim proqramından keçirlər. Mərkəzdə 9 min uniforma və 14 min akkreditasiyanın verilməsi planlaşdırılır”, - deyə İranə Əhmədova qeyd edib. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində iştirak etmək üçün cari ilin əvvəlində 10 mindən çox namizəd qeydiyyat üçün müraciət edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb. |
|
Xəbər 180 dəfə oxundu. |
|
|