Azərbaycan cüdoçularından Avropa kuboku yarışlarında uğurlu start
Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışlarının ilk günündə Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Turnirin ilk günü səkkiz çəki dərəcəsində 18 cüdoçumuz tatami üzərinə çıxıb. Qızların yarışında Vüsalə Hacıyeva (48 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) bürünc medal qazanıblar. Aytən Verdiyeva (52 kiloqram) yarışı yeddinci yerdə başa vurub.

Oğlanların mübarizəsində 55 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Ayxan Mirzəzadə gümüş medalla kifayətlənib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub.

Millimizin digər üzvləri Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alıb.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xəbər 264 dəfə oxundu.