“Xarı bülbül” və “Murov” Azərbaycan çempionatının finalına yüksəliblər | |
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti yarımfinal oyunları keçirilib. Əvvəlcə meydana “Neftçi” və “Xarı bülbül” klublarının voleybolçuları çıxıb. Görüş kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçib. Matça “Xarı bülbül” daha yaxşı başlayıb və ilk setdən 25:19 hesablı üstünlüklə ayrılıb. Sonradan “Neftçi” üstünlüyü ələ alaraq ikinci və üçüncü hissələri 25:18 və 27:25 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Bununla belə, cütün ilk matçında qələbə qazanmış “Xarı bülbül” dördüncü setdə 25:19 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Tay-breykdə isə yenə Şuşa təmsilçisi üstün oyun nümayiş etdirib. Bu hissəni 15:9 hesabı ilə qalib başa vuran “Xarı bülbül” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. Beləliklə, “Xari bülbül” finala ilk vəsiqənin sahibi olub. Yarımfinalın digər qarşılaşmasında MOİK və “Murov” kollektivləri üz-üzə gəliblər. Cütün ilk matçında qələbə qazanmış “Murov” bu oyuna da yaxşı başlayıb. Rəqibini yenə quru hesabla (3:0 - 25:20, 25:15, 25:20) məğlub edən “Murov” ölkə birinciliyinin finalına yüksəlib. Beləliklə, ölkə çempionatının qalibini “Xarı bülbül” və “Murov” klubları müəyyənləşdirəcək. “Neftçi” və MOİK isə bürünc medal uğrunda mübarizə aparacaq. |
|
Xəbər 231 dəfə oxundu. |
|
|