Stüardlar Formula 1 rəhbərliyini qaydaları yenidən nəzərdən keçirməyə çağırırlar
Stüardlar Formula 1 rəhbərliyini təkrar startdan əvvəl təhlükəsizlik avtomobilinin arxasınca pelotonun formalaşması qaydalarını yenidən nəzərdən keçirməyə çağırırlar.

Ötən bazar günü Aleks Elbonun avtomobilinin qəzaya uğraması ilə əlaqədar, yürüş qırmızı bayraqlarla dayandırılıb və pilotlar pit-leynə qayıdıblar. Sonra təkrar start elan olunub, pilotlar trasa dönərək lazımi qaydada düzülüblər. Pilotların əksəriyyəti ardıcıllığı qoruyub saxlamaqdan ötrü 6-cı döngədə sürəti azaldıblar. Lando Norris, Oskar Piastri, Esteban Okon, Serxio Peres və Karlos Sayns bolidin sürətini xeyli aşağı salıblar.

Bundan xəbər tutmayan Quanyuy Çjou, Valtteri Bottas, Loqan Sarjent və Kevin Maqnussen döngəyə yüksək sürətlə daxil olub və qəzadan yaxa qurtarmaqdan ötrü tədbir görməli olublar. Bu səbəbdən Maqnussen hətta çınqıla çıxıb.

Stüardlar qərar veriblər ki, pilotlardan heç biri cəzalandırılmasın. Lakin izah ediblər ki, insidentə səbəb Corc Rasselin pit-leyndən asta sürətlə çıxması olub.

“#63 avtomobili pit-leyndən asta sürətlə çıxıb, daha sonra geriləməni aradan qaldırmaq üçün sürəti artırıb. Bu, onunla nəticələnib ki, #63 avtomobilinin arxasındakı bolidlər də pit-leyni ləngimə ilə tərk edərək, sonradan sürəti artırıblar”, - deyə stüardlar izah ediblər.

Stüardlar təhlükəli vəziyyətin yaranma səbəblərindən biri kimi göstərirlər ki, reqlamentin bir maddəsinə əsasən, hətta təkrar start yerindən başlasa belə, liderin sürət toplamaq hüququ var. Stüardlar gələcək Qran-prilərdə bu cür təkrar startlar üçün uyğun olub-olmadığını başa düşməkdən ötrü Formula 1 və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəhbərliyini bu ssenarini nəzərdən keçirməyə çağırıblar.


Xəbər 200 dəfə oxundu.