Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinə məğlubiyyətlə başlayıb
Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

Millimiz səfərdə Avstriya yığmasının qonağı olub.

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan matçda Avstriya millisinin start heyətində Haynts Lindner, Maksimilian Vöber, Kevin Danso, Nikolas Seyvald, Marsel Sabitzer, Mixael Qreqoritş, Filipp Muene, Kristof Baumqartner, Konrad Laymer, Patrik Vimmer və Qernot Trauner yer alıblar.

Azərbaycan seçməsinin heyətində meydana Yusif İmanov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bəxtiyar Həsənalızadə, Riçard Almeyda və Ozan Can Kökçü çıxıblar.

Polşalı baş hakim Bartoş Frankovskinin idarə etdiyi oyunda hesabı Avstriya millisi açıb. Matçın 28-ci dəqiqəsində Marsel Sabitzer fərqlənib. Bir dəqiqə sonra Mixael Qreqoritş komandasının ikinci topunu millimizin qapısından keçirib. Matçın birinci hissəsi Avstriya millisinin üstünlüyü ilə başa çatıb – 2:0.

Meydan sahibləri ikinci hissəyə də fəal başlayıblar. Qarşılaşmanın 50-ci dəqiqəsində M.Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Matçın 64-cü dəqiqəsində millimiz hesab arasındakı fərqi azaldıb. Belə ki, yığmamızın kapitanı Emin Mahmudov baxımlı qolla yadda qalıb. Beş dəqiqə sonra Avstriya millisi yenidən fərqlənib. Bu dəfə Kristof Baumqartner millimizi meydanın mərkəzinə dəvət edib.

Beləliklə, Avstriya millisi ilə oyunda Azərbaycan yığması 1:4 hesabı ilə məğlub olub.

Seçməmiz növbəti oyununu martın 27-də səfərdə İsveç millisinə qarşı keçirəcək.

Xəbər 244 dəfə oxundu.