İlkin Hacıyev: Əminik ki, “Xocalı” klubu ev oyunlarını tezliklə doğma şəhərində keçirəcək | |
“Xocalı” futbol klubu rəsmi olaraq 2019-cu ilin noyabrından fəaliyyətə başlayıb. Həmin vaxt klubun rəhbərliyi və əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Klubun yaradılmasında məqsəd ölkəmizdə uşaq futbolunun kütləviliyini artırmaq və idmanın bu növünə yeni peşəkar oyunçular gətirməkdən ibarətdir. Bu sözləri müsahibəsində “Xocalı” futbol klubunun təsisçisi və baş direktoru İlkin Hacıyev deyib. İlkin Hacıyev bildirib ki, əsas hədəfimiz “Xocalı” klubunu beynəlxalq arenada yüksək səviyyədə tanıtmaqdır. Klub artıq iki ildir ki, AFFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak edir. Çalışırıq ki, futbolçularımız baxımlı oyun nümayiş etdirsinlər. Klub şəhid ailələrinin və qazilərin övladları üçün ödənişsiz məşqlər təşkil edir. Perspektivli futbolçuları komandaya cəlb edərək ölkə futboluna öz töhfəmizi verməyə çalışırıq. “Klub rəhbərliyi komandanın uğur qazanması üçün əlindən gələni edir. İnanıram ki, ölkəmizdə fəaliyyət göstərən şirkət və holdinq rəhbərləri gələcəkdə “Xocalı” klubunun beynəlxalq arenada müvəffəqiyyətlə çıxış etməsi üçün bizə dəstək olacaqlar. Əminik ki, klubumuz ev oyunlarını tezliklə Xocalıda keçirəcək. Dövlətimizin başçısı İlham Əliyevin idmana diqqət və qayğısı bizi ruhlandırır. Gənclər və İdman Nazirliyi də ölkə idmanının inkişaf etdirilməsi üçün mühüm işlər görür və biz, artıq bunun uğurlu bəhrəsini görməkdəyik”, - deyə İ.Hacıyev bildirib. Xocalı soyqırımını bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş cinayət aktı kimi qiymətləndirən klub rəsmisi bildirib ki, bu qanlı qırğın, əslində, insanlığa qarşı cinayətdir. Bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, bu amansız və qəddar soyqırımı insanlıq tarixində ən qorxulu kütləvi terror aktıdır. Faciədən 31 il ötməsinə baxmayaraq, həmin vəhşilik xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Ordumuz erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu gün idmançılarımız beynəlxalq arenada qalib xalqın nümayəndələri kimi mübarizə aparır, ölkəmizi layiqincə təmsil edir və üçrəngli bayrağımızı dalğalandırırlar. AZƏRTAC |
|
Xəbər 237 dəfə oxundu. |
|
|