Ceyn Ayieyam Azərbaycanda antirekordçu olub
Qananın 17 yaşadək qızlardan ibarət yığma komandasının futbolçusu Ceyn Ayieyam Azərbaycanda antirekordçu olub. Ölkəmizdə keçirilən dünya çempionatının yarımfinalında Fransaya 0:2 hesabı ilə uduzduqları oyunun 51-ci dəqiqəsində 2-ci sarı vərəqəyə görə meydandan çıxarılan afrikalı bununla da 2008-ci ildən keçirilən turnirin tarixində yarımfinalda ilk qırmızı vərəqə alan oyunçu olub. Həmin vaxt hesabda 1:0 irəlidə olan fransızlar say üstünlüyündən istifadə edərək, daha 1 qol vurmaqla qalib gəlib.

Maraqlıdır ki, ölkəmizdəki turnirdə qeydə alınan 3 qırmızı vərəqədən 2-si Fransanın rəqiblərinin bəxtinə düşüb. Bunlardan ilk cəzalanan Nigeriya yığmasının futbolçusu Viktoriya Aidelomon ötən həftə keçirilən ¼ final oyununda meydandan çıxarılmışdı. Onda fransızlar oyun sonrası penaltilər seriyasında qalib gəlmişdi.

Xəbər 985 dəfə oxundu.