Həvəskarlar arasında keçirilən dağ xizəyi yarışında ilk günün qalibləri müəyyənləşib | |
Fevralın 18-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskarlar arasında dağ xizəyi yarışı keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır. İki gün davam edəcək yarışa əvvəlcədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb. Yarışın birinci günündə üç böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “slalom giant” növü üzrə mübarizə aparıblar. Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. İdman tədbiri çərçivəsində, həmçinin fləş-mob da keçirilib. Fləş-mobda 160 turizm könüllüsü tərəfindən pankartlarla Ümummilli Lider Heydər Əliyevin şəkli əks olunan görüntü və “Heydər Əliyev 100 il” yazısı nümayiş olunub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Olimpiya Komitəsinin nümayəndələri və bir sıra tanınmış idmançılar qonaq qismində iştirak ediblər. İdman tədbiri fevralın 19-da uşaqlar arasında 3 yaş kateqoriyası üzrə olmaqla davam etdiriləcək. |
|
Xəbər 222 dəfə oxundu. |
|
|