Paytaxtın ən güclü cüdoçuları bəlli olub | |
On səkkiz yaşadək cüdoçuların Bakı birinciliyi başa çatıb. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışa 56 klub, cəmiyyət və idman təşkilatından 613 (41 qız, 572 oğlan) cüdoçu qatılıb. Üç gün davam edən yarışda 16 çəki dərəcəsində mükafatçılar bəlli olub. Belə ki, oğlanların yarışında Səid İsayev (46 kq), Telman Abdullayev (50 kq), Zamin Alıyev (55 kq), Məhəmməd Musayev (60 kq), Mehdi Cəfərov (66 kq), Əbil Yusubov (73 kq), Hüseyn Hüseynov (81 kq), Tuncay Şamil (90 kq), Ramazan Əhmədov (+90 kq) birinci yeri tutublar. Qızların mübarizəsində isə Dərya Bıkova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Fəridə Mirzəyeva (52 kq), Röya Cəfərova (57 kq), Mələk Bayramlı (63 kq), Zeynəbxanım Əsədova (70 kq) qalib adına layiq görülüblər. Yarışda Bakı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında, qızlar və oğlanlar arasında medal sayına görə birinci olub. “Cüdo Klub 2012” ikinci, Respublika Kompleks İdman Məktəbi isə üçüncü pillədə qərarlaşıblar. Yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə namizədlərin seçilməsidir. Birincilik çərçivəsində Azərbaycanda cüdo idman növünün yaranmasının 50 illik yubileyi münasibəti ilə cüdo ailəsinin üzvlərinə Azərbaycan Cüdo Federasiyası tərəfindən diplom və sertifikatlar təqdim edilib. Diplom və sertifikat alanlar sırasında məşqçilər, hakimlər, tibbi heyət üzvləri, cüdo üzrə milli yığmaların sabiq və hazırkı idmançıları və digər şəxslər olublar. |
|
Xəbər 290 dəfə oxundu. |
|
|