Nağı Səfərov: Parataekvondo üzrə millimiz hazırda yaxşı formadadır
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-Pri yarışlarının final mərhələsində uğurla çıxış edən milli komandamızın üzvləri ilə görüş olub.

Görüşdə ATF-in vitse-prezidenti Nağı Səfərov, baş katib Həmdiyyə Məmmədov, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev, yığmanın baş məşqçisi Fərid Tağızadə və komanda üzvləri iştirak ediblər.

N.Səfərov ili uğurla başa vuran parataekvondoçuları təbrik edib. Bildirib ki, parataekvondo üzrə komandamız hazırda yaxşı formadadır və bu, növbəti qələbələrin bir-birini əvəzləyəcəyinə böyük inam yaradır.

Baş məşqçi komandanın hazırkı durumundan danışıb və hər bir yetirməsinə böyük ümid bəslədiyini deyib. O, səhvlər üzərində daha çox çalışacaqlarını, qatılacaqları yarışlarda inamla çıxış edəcəklərini vurğulayıb.

Turnirdə qızıl medal qazanan Sabir Zeynalov (58 kq, K-44) və İmaməddin Xəlilov (70 kq, K-44) isə döyüşlərindən danışıblar. Onlar bunun davamlı olması üçün daha səylə məşq edəcəklərini söyləyiblər.

Xəbər 278 dəfə oxundu.