Yeddi ölkənin elit şahmatçıları “Vugar Gashimov Memorial-2022”də | |
Şahmatsevərlər növbəti dəfə “Vugar Gashimov Memorial”ında elit idmançıların mübarizəsinə şahidlik edəcəklər. Hər il olduğu kimi, bu il də superturnirdə dünyanın ən güclü şahmatçıları Azərbaycanda bir araya gələcəklər. Buna qədər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport, hindistanlı Qukeş Dommaracu və özbəkistanlı Nodirbek Abdusattorovun “Vugar Gashimov Memorial-2022”də mübarizə aparacağı elan olunmuşdu. çinli Van Hao, İspaniya təmsilçisi Valeho Pons, ABŞ idmançısı Semuel Şenklend və yerli idmançı Abdulla Qədimbəyli də turnirdə iştiraklarını təsdiqləyiblər. Beləliklə, turnirin bütün iştirakçıları bəlli olub. On altı yaşadək şahmatçılar arasında Olimpiadanın ikiqat qalibi olan Çin çempionu Van Hao 2017-ci ildə Asiya çempionatını birinci pillədə başa vurub. Beşqat İspaniya çempionu Valeho Pons 18 yaşadək idmançılar arasında dünya çempionatının qızıl medalını qazanıb. ABŞ çempionu Semuel Şenklend 2016-cı ildə Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında birinci olub. 2018-ci ildə kişilər arasında Azərbaycan çempionu adını qazanan Abdulla Qədimbəyli 2022-ci ildə gənclər arasında dünya çempionu olub, dünya kuboku yarışına vəsiqə qazanıb və qrosmeyster tituluna yiyələnib. Turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək. Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq. |
|
Xəbər 271 dəfə oxundu. |
|
|