Dünyada yeganə: İsraildə kişilərdən ibarət yığma şahmat komandasının kapitanı əslən Bakıdan olan qadındır
Bu günlərdə Yerusəlimdə şahmat üzrə dünya çempionatı keçirilir. 61 yaşlı İlana David dünya çempionatında milli yığma komandaya başçılıq edən ilk qadındır.

Bu çempionatda İsrail milli yığmasına ilk dəfə qadın başçılıq edir.

İlana David İsraildə çıxan “La-İşa” qadın jurnalına müsahibəsində bu statusa necə nail olması barədə danışıb.

Şahmatçı qadın deyib: “Mən şahmat oynamağı oğlanların əhatəsində, kişi müəllimlərdən öyrənmişəm. Mənə həmişə deyirdilər ki, kişi kimi düşünürəm, kişi kimi oynayıram. Mən bunu kompliment kimi qəbul edirdim. 2016-cı ildə İsrailin qadınlardan ibarət yığma komandasında çıxış edərkən komandanın kapitanı təyin edildim. 3 il həmin komandaya başçılıq etdim, onun statusunu möhkəmlətdim, bizim şahmatçı qadınların məşqləri üçün layiqli şərait yaradılmasına (turnirlərə gediş-gəlişlə bağlı xərclərinin ödənilməsi və pul mükafatları verilməsi) nail oldum. Bu vəzifədə özümü yaxşı göstərdiyim üçün 2019-cu ildə məni kişilərdən ibarət yığma komandanın kapitanı təyin etdilər”.

İlananın sözlərinə görə, bu qərar böyük hay-küyə səbəb olmuşdu, “çünki mən dünyada yeganə qadınam ki, kişilərdən ibarət yığma şahmat komandasına başçılıq edirəm. Bu, bir tərəfdən mənə xoş idi, amma digər tərəfdən fikirləşirdim ki, əgər qadınlardan ibarət yığma komandanın kapitanı kimi kişini təyin etsəydilər, bu, sanki belə də olmalı imiş kimi qəbul edilərdi. Hesab edirəm ki, kişilər kimi qadınlar da istənilən yüksəkliyə nail ola bilər”.

Yığma komandanın kapitanı şahmat aləmində keçdiyi yol barədə söhbət açaraq deyib: “Mən Bakıda doğulmuşam, 18 yaşında İsrailə köçüb getmişəm. 4 yaşım olanda atam mənə şahmat oynamağı, anam isə fortepianoda çalmağı öyrədib. Demək olar ki, bütün həyatım boyu musiqi və şahmatla məşğul olmuşam. İsrailə köçüb gedəndən yarım il sonra qadınlar arasında ölkə çempionatının qalibi oldum və az sonra olimpiya yığma komandasına qəbul edildim. Dörd şahmat olimpiadasında oynamışam, bir neçə beynəlxalq turnirdə birinci yeri tutmuşam”.

İsrailin kişilərdən ibarət yığma komandasının kapitanı ümidvar olduğunu bildirib ki, yığma komanda 90-cı illərdə olduğu kimi ən yaxşı günlərinə qayıdacaq. İlana David deyib: “O vaxt biz müntəzəm olaraq ən güclü komandaların ilk onluğuna daxil idik, hətta Avropa birinciliklərindən medallarla qayıdırdıq. Budəfəki çempionata dünyanın aparıcı şahmatçılarının daxil olduğu 12 ən güclü komanda gəlib. Əgər dörddəbir finala çıxa bilsək, özümü xoşbəxt hesab edərəm”.

Xəbər 318 dəfə oxundu.