Mehdi Budaqlı: Hədəfim Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır
Yeddi yaşımdan taekvondo ilə məşğul oluram. Məşqlərə bu idman növünü sevərək başlamışam.

Bunu Taekvondo Federasiyasının yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Mehdi Budaqlı deyib.

On dörd yaşlı dünya çempionu taekvondoya gəlişinin əsas səbəbkarının şəxsi məşqçisi İlkin Şahbazov olduğunu bildirib: “İdmanın məhz bu növünü seçməyimin səbəbi İlkin Şahbazov olub. Şəxsi müəllim məktəbdə sinfimizə gəlmişdi və taekvondo barəsində danışdı. Mən də bu idman növünü çox bəyənərək, məşqlərə başladım”.

Otuz üç kiloqram çəki dərəcəsində mübarizə aparan M.Budaqlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş dünya birinciliyində 6 döyüşdə qalib gələrək qızıl medala yiyələnməsini həyatında xoş xatirə olduğunu vurğulayıb. O bildirib ki, yarışdan döndükdən sonra oxuduğu məktəbdə onu xüsusi təqdim ediblər: “Dünya çempionu olmaq çox qürurverici, gözəl bir hissdir. Bununla həyatımda çox şey dəyişdi, yaxşı oldu. Hamı məni tanıdı. İdmanla məşğul olmağıma baxmayaraq, dərslərimə də vaxt ayırıram. Yaxşı oxuyuram”.

Yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu bu uğurla kifayətlənmək fikrində deyil. Mehdi Budaqlı qeyd edib ki, noyabrın 25-28-də Maltanın paytaxtı Vallettada keçiriləcək Avropa birinciliyində də özünü sübut etmək arzusundadır: “Qarşıda məni Avropa birinciliyi gözləyir. Uğur qazanmaq üçün komandadakı uşaqlarla birgə çox çalışırıq. Uğurumu davam etdirmək, burada da çempion olaraq Azərbaycan Himnini səsləndirmək istəyirəm. Əsas hədəfim isə Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan Maltada Avropa birinciliyində 17 taekvondoçu ilə təmsil olunacaq.

Xəbər 279 dəfə oxundu.