“Araz-Naxçıvan”ın kapitanı: Ancaq qələbə qazanmaq haqda düşünürük
Hər şey qaydasındadır. 4 futzalçımız zədəli idi, onlardan 3-ü - Ramiz Çovdarov, Katatau və Sinese bizə kömək edə biləcək. Atmosfer də yaxşıdır. Baş məşqçinin dediyini düzgün yerinə yetirə bilsək, yekun da istədiyimiz kimi olacaq.

Bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda da bu gün mübarizəyə başlayacaq “Araz-Naxçıvan” futzal klubunun kapitanı Fərid Ələkbərov deyib.

Futzalçı bildirib ki, baş məşqçi bizdən oyun intizamını qorumağı və məşq prosesində taktiki planda etdiklərimizin icrasını istəyir. Məşqdə dediklərinin 80 faizini oyunda yerinə yetirməyimizi istəyir. Biz hətta onun istədiklərinin 50 faizini belə icra edə bilsək, kifayət edəcək.

“Orebro”nun oyunlarını izləmişik. Uda biləcəyimiz komandadır. Təbii ki, bunun üçün “Araz-Naxçıvan” öz oyununu oynamalıdır. Arxayınlaşmaq olmaz. Kapitan kimi ilk beynəlxalq rəsmi oyunumdur. Yaxşı kollektivimiz var. Son məşqimizi də keçdik. Artıq matçın başlamasını gözləyirik. Ancaq qələbə qazanmaq haqda düşünürük. İnşallah ki, bunu bacaracağıq”.

Qeyd edək ki, təmsilçimiz bu gün İsveçin “Orebro” klubu ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xəbər 235 dəfə oxundu.