Fərid Abbasov: Bu ili Azərbaycan şahmatında tarixi nailiyyətlərlə dolu il kimi qeyd edə bilərik
İtaliyada keçirilən dünya çempionatında gənc şahmatçılarımızın iki qızıl medal qazanması Azərbaycan şahmat tarixində böyük nəticədir. Belə bir uğurun qazanılması yeniyetmə və gənc şahmatçılarımızın güclü potensialından xəbər verir.

Bunu müsahibəsində yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov deyib.

F.Abbasov qeyd edib ki, bu ili Azərbaycan şahmatında tarixi nailiyyətlərlə dolu il kimi qeyd edə bilərik. Yığma üzvləri həm fərdi məşqlərdə, həm federasiyada dərslərdə, toplantılarda mütəmadi iştirak edərək biliklərini artırıblar. Bu ilin avqust ayında MDB dövlətləri arasında 14 yaşadək şahmatçıların yarışdığı Botvinnik memorialında Azərbaycanın dörd şahmatçısı (Tunar Davudov, Nərmin Abdinova, Fərid Orucov və Əhməd Xaqan) təmsil olunaraq gümüş medal qazanmaqla, həm də zəngin təcrübə əldə etdilər. Bir ay sonra Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında dünya birinciliyində təmsilçilərimiz uğurla çıxış ediblər. Belə ki, qızlar arasında çox perspektivli şahmatçılarımızdan biri Ayan Allahverdiyeva 18 yaşadək qızların turnirində gümüş medal qazanıb. Bu, Ayanın dünya və Avropa birinciliklərində yeddinci medalıdır. Ötən il onlayn Avropa çempionatında A.Allahverdiyeva üçüncü qitə çempionluğunu əldə edib. Dünya birinciliyində Ayanla yanaşı, Azərbaycanın perspektivli şahmatçıları Nərmin Abdinova, Şiroğlan Talıbov, Xəzər Babazadə də çox gözəl oyun nümayiş etdiriblər və ilk onluqda qərarlaşıblar.

Xəbər 240 dəfə oxundu.