Hansı stadionumuz tarixə düşdü?
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında (U-17) dünya çempionatının final mərhələsində yubiley qeydə alınıb. İdman.com.az saytının məlumatına görə, 2008-ci ildən keçirilən turnirin tarixində 250-ci qol vurulub.

Bu, Azərbaycan yığmasının yer aldığı “A” qrupunda Nigeriya - Kanada oyununda olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matçın 61-ci dəqiqəsində hesabı açan Kanada yığmasının futbolçusu Amandin Pyer-Lui bununla da adını futbol tarixinə yazdırıb.

Bunadək 2008-ci ildə Yeni Zelandiyada, 2010-cu ildə Trinidad və Tobaqoda keçirilən dünya çempionatlarının tarixində ümumilikdə 238 qol vurulmuşdu. Ölkəmizdə keçirilən ilk oyunda Şimali Koreya Qambiyaya 11:0 hesabı ilə qalib gəlsə də, yubiley qolunu vura bilmədi. Bundan sonra keçirilən Fransa – ABŞ matçında qolsuz bərabərlik qeydə alındığından, 250-ci qol Respublika stadionunda reallaşdı.

Maraqlıdır ki, U-17-lər arasında ilk qolu da məhz Kanada vurub. Bu qolun müəllifi 2008-ci ilin oktyabrın 28-də Yeni Zelandiya ilə oyunun 53-cü dəqiqəsində Reyçill Lamarr olub.

Xəbər 890 dəfə oxundu.