Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurub
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün daha üç cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov onaltıdabir final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) məğlub olub. Həmin çəkidə Yaşar Nəcəfov otuzikidəbir finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Cüdoçumuz növbəti görüşdə Adrian Çinarronun (İspaniya) öhdəsindən gələ bilməyib.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) otuzikidəbir finalda Binta Ndiayeyə (İsveçrə) məğlub olub.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Çempionatın ilk günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyiblər. Mundial oktyabrın 13-də başa çatacaq.

Xəbər 258 dəfə oxundu.