Şose velosipedi üzrə Azərbaycan Kubokunun VI mərhələsinin kriterium növünün qalibləri mükafatlandırılıb | |
Oktyabrın 1-də şose velosipedi üzrə Azərbaycan Kubokunun sonuncu – altıncı mərhələsinə start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən ikimərhələli yarışda bütün yaş kateqoriyalarından olan velosipedçilər iştirak edirlər. Birinci mərhələdə idmançılar kriterium növü üzrə mübarizə aparıblar. Bakıda yerləşən Veloparkda keçirilən bu mərhələdə qadın velosipedçilər 20 kilometr, kişi velosipedçilər isə 30 kilometr məsafə qət ediblər. Ümumilikdə 65 idmançının mübarizə apardığı yarışda qadınlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini geridə qoyaraq qızıl, İradə Əbdürəhmanova (Təhsil RİM) gümüş, Aybəniz Abbaszadə (ROEQİUGVM) isə bürünc medal qazanıblar. 17 yaşadək oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM) birinci, Ravi Rzayev (ROEQİUGVM) ikinci, Baratəli Səlimzadə (ROEQİUGVM) isə üçüncü yerə çıxıb. Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında kişilər arasında Kamran Mirzəxanov (ROEQİUGVM) hamıdan yaxşı nəticə göstərərək qızıl, Nəcəf Bağırov (ROEQİUGVM) gümüş, Samir Cəbrayılov (MSN) bürünc medala layiq görülüb. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən yarışda ilk dəfə olaraq AVF-nin Şamaxı və İsmayıllı filiallarının idmançıları da iştirak ediblər. Oktyabrın 2-də keçiriləcək ikinci mərhələdə həm qadın, həm də kişi velosipedçilər Şamaxı yolunun 36-cı kilometrindən start götürməklə 4,5 kilometr məsafəyə dağa fərdi ötüşmə növündə güclərini sınayacaqlar. Bu yarışın nəticələri bəlli olduqdan sonra bütün mərhələlər üzrə (VI mərhələnin cəmi) velosipedçilərin qazandıqları xallar hesablanaraq Azərbaycan Kubokunun qalibləri də müəyyənləşdiriləcək. |
|
Xəbər 336 dəfə oxundu. |
|
|