Canni De Byazi: Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır
Oyuna yaxşı başladıq. Renat Dadaşov gözəl qol vurdu. Hərçənd qola qədər üç imkanımız olub. İkinci hissə isə bir qədər fərqli keçdi. Yorğunluq hiss olunurdu.

Bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda səfərdə Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, gənc komandamız var. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır ki, daha çox inkişaf edək. Oyundan çox razı qaldım. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı.

“Sabah istirahət edib ümumi vəziyyətə baxacağıq. Qazaxıstanla oyunda kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə şans vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır”, - deyə baş məşqçi əlavə edib.

Xəbər 328 dəfə oxundu.