Azərbaycanda ilk dəfə parabadminton üzrə beynəlxalq turnirin keçirilməsi perspektivi müzakirə olunub | |
Sentyabrın 6-da Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və Azərbaycan Badminton Federasiyası (ABF) arasında görüş keçirilib. AMPK-nın inzibati binasında keçirilən görüşdə komitənin prezidenti İlqar Rəhimov, icraçı direktor Eldar Babayev, paracüdo üzrə dünya çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov, ABF-in baş katibi Ramil Hacıyev, badminton üzrə milli komandanın baş məşqçisi Morteza Validarvi, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasov və parabadmintonçu İbrahim Əliyev iştirak ediblər. AMPK-nın prezidenti İ.Rəhimov bildirib ki, artıq parabadmintonda da ölkəmizin beynəlxalq arenada təmsil olunmağa başlaması sevindirici haldır. O, gələcəkdə bu idman növündə təmsilçilərimizin artacağına ümid etdiyini deyib. ABF-in baş katibi R.Hacıyev öz növbəsində AMPK-ya göstərdiyi dəstəyə görə təşəkkürünü bildirərək, federasiya olaraq gələcək Yay Paralimpiya Oyunlarında parabadminton yarışlarında idmançımızın təmsil olunması üçün əllərindən gələni edəcəklərini qeyd edib. Badminton üzrə millimizin baş məşqçisi M.Validarvi isə görüş iştirakçılarına Paralimpiya təsnifat turnirləri və reytinq xallarının hesablanması ilə bağlı ətraflı məlumat verərək, parabadmintonçumuz İbrahim Əliyevin hazırlıq səviyyəsinin yüksəlməsi məqsədilə qarşıdakı aylarda Bakıda dünyanın güclü parabadmintoçuları ilə birgə beynəlxalq təlim-məşq toplanışlarının təşkili perspektivindən danışıb. Görüşdə yaxın gələcəkdə ölkəmizdə ilk dəfə parabadminton üzrə beynəlxalq turnirin keçirilməsi perspektivi də müzakirə olunub. Çıxış edən parabadmintonçumuz İ.Əliyev yaradılan şəraitə və dəstəyə görə AMPK və ABF-ə təşəkkür edərək, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. |
|
Xəbər 469 dəfə oxundu. |
|
|