Teymur Eyvazov: Heyətimizi təcrübəli futzalçılarla gücləndirmişik
Sentyabrın 13-də futzal liqalarında yeni mövsümün püşkü atılacaq. Ayın 26-da isə Yüksək Liqada 2022-2023-cü il mövsümünə start veriləcək.

“Baku Fire” klubunun baş məşqçisi Teymur Eyvazov Yüksək Liqaya hazırlığın mərhələli şəkildə davam etdiyini bildirib: “Yeni mövsümün startına təxminən 20 gün qalıb və bu müddətdən maksimum istifadə etməyə calışacağıq. Ötən çempionatlarda üzləşdiyimiz çətinliklərlərlə, problemlərlə yenidən qarşılaşmaq istəmirik. Hazırlıq prosesində bunları də nəzərə almışıq. Heyətimizi komplektləşdirməyə çalışırıq. Ayrılanlar da var. Əvəzində bir neçə təcrübəli futzalçı ilə anlaşmışıq. Onlardan Elnur Zamanovun, Faiq Əliyevin adını qeyd edə bilərəm. İrandan da legionerlər dəvət etmişik. Həmin futzalçılar bu günlərdə komandamıza qosulacaq. “Baku Fire”in müxtəlif liqalarda 3 futzal komandası çıxış edir ki, onlardan Birinci Liqada oynayanlar əsasən gənclərdir. Ötən mövsüm fərqlənən, diqqətimizi cəlb edən bir neçə perspektivli futzalçını da əsas komandaya dəvət etmişik”.

“Klubumuz uzun müddətdir fəaliyyət göstərir. Müxtəlif liqalarda müəyyən uğurlar qazanmışıq, Yüksək Liqada da təcrübəlilərdən hesab olunuruq. Yeni mövsümdə qazanacağımız uğurlarla yadda qalmaq istəyirik. Ümid edirəm ki, hazırkı heyətimizlə məqsədimizə nail olacağıq”, - deyə T.Eyvazov əlavə edib.

Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə 6 komanda - “Araz-Naxçıvan”, “Neftçi”, “Baku Fire”, “Rekord club az”, “Alyans” (Lənkəran) və U-19 mübarizə aparacaq.

Xəbər 298 dəfə oxundu.