Boksçularımız son 6 ayda 37 medal qazanıblar | |
Boks üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları son 6 ayda 37 medal qazanıblar. Yığmalarımız bu mükafatları qatıldıqları 7 yarışda əldə ediblər. Onlardan 15-i qızıl, 11-i gümüş və 11-i bürünc medaldır. Avropa çempionatlarının hər birində qızıl medal Boksçularımız 37 medaldan 11-nə Avropa çempionatı və ya birinciliklərində sahib olublar. Milli komandalarımızın üzvləri iştirak etdikləri qitə yarışlarının hər birində qızıl medal qazanmaqla Azərbaycan himnini səsləndiriblər. Yığmamızın heyətində Avropa çempionatında (U-22) Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq) və məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələniblər. Komandalarımız göstərdikləri nəticələrə əsasən, 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi) olub. İdmançılarımız Avropa birinciliklərində 3 qızıl medalla yanaşı, 2 gümüş və 6 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçumuz da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub. Boksumuzun sabahı və ya yeni rekordlar üçün möhkəm təməl Ayrı-ayrı yığmalarımıza gəlincə, son 6 ayda yeniyetmə idmançılarımız daha çox medal qazanıblar. Azərbaycan boksunun sabahı hesab olunan komandamız 3 beynəlxalq turnirdən Vətənə 16 medalla qayıdıb. Onlardan 12-si oğlanların, 4-ü qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 21-ə bərabərdir. Medallardan 8-i qızıl, 8-i gümüş və 5-i bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub. Gənc boksçularımızın hesabında isə 12 medal var. Həmin mükafatlar 2 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirdə qazanılıb. Bununla da komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 10 (5-2-3) dəfə üçrəngli bayrağımız yüksəklərə ucalıb. U-22-lərin Avropa çempionatında yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Qarşıda komandalarımızı daha böyük yarışların gözlədiyini nəzərə alsaq, əsas məqsəd yeni rekordlar qazanmaqdır. Bu, cari ildə beynəlxalq turnirlərlə yanaşı, yeniyetmələr arasında Avropa birinciliyində və gənclər arasında dünya çempionatında uğurlu çıxış sayəsində də rəsmiləşə bilər. Məhz qazanılan qələbələr, inkişaf üçün möhkəm təməl və maddi-texniki bazanın gücləndirilməsi Olimpiadada ilk qızıl medalı əldə etməyimizə gözəl zəmin yaradacaq. |
|
Xəbər 316 dəfə oxundu. |
|
|