Azərbaycan idmançısı Ravin Alməmmədov Avropa rekordunu yeniləyib, qitə birinciliyinin qalibi olub
Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Komandamızdan növbəti idmançı olaraq körpücük üzərinə Ravin Alməmmədov çıxıb. Qazax rayonunun “Göyəzən” Ağır Atletika Klubunu təmsil edən idmançı yaşı 17-dək olan atletlər arasında 67 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız birdən qaldırma hərəkətində 126 kiloqram nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb.

Atletimiz təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, bu hərəkətdə 158 kiloqramı ram edərək gümüş medal əldə edib.

Toplam 284 kiloqram (126+158) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb. Bu nəticə – 284 kiloqram– həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordudur.

Medalların təqdimat mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və “Göyəzən” Ağır Atletika Klubun rəhbəri Azər Əlizadə də iştirak ediblər.

Avqustun 18-dək davam edəcək qitə birinciliyində 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.

Xəbər 476 dəfə oxundu.