Türkiyə V İslam Həmrəyliyi Oyunlarının medal sıralamasında liderliyini davam etdirir
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarınım beşinci gününün yekunlarına görə, Türkiyə medal sıralamasında liderliyini davam etdirir.

Avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 16 qızıl, 13 gümüş və 9 bürünc medal qazanıblar.

İlk üçlükdə İran (5-9-4) və Qazaxıstan (5-1-5) qərarlaşıb.

Özbəkistan (3-2-5) dördüncü, Mərakeş (2-3-1) beşinci, Bəhreyn (2-2-2) altıncı, Uqanda (2-2-1) yeddinci, Birləşmiş Ərəb Əmirlikləri (2-1-1) isə səkkizinci pillədə yer alıblar.

Azərbaycan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla doqquzuncudur. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. Atletimiz Aleksis Kopello üçtəkanla tullanma yarışlarında ikinci pillədə qərarlaşıb. Taekvondoçumuz Həşim Məhəmmədov (58 kq) isə bürünc medal qazanıb.

Hesabında 1 qızıl və 1 bürünc medal olan Fil Dişi Sahili isə onuncu pillədə yer alıb.

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. IV İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Xəbər 479 dəfə oxundu.