“Qəbələ”nin kapitanı Asif Məmmədov: Mərhələ adlamaq üçün əlimizdən gələn hər şeyi edəcəyik | |
Komandada da hər şey əladır. Əsas odur ki, zədəli futbolçumuz yoxdur. Heyətimiz ötən mövsüm olduğu kimi kiçik olduğu üçün hər hansı oyunçunun zədələnməsi bizə çətin başa gələ bilər. “Fehervar”la ilk qarşılaşmaya 3 gün qalıb. Hər şey qaydasındadır. Belə davam etsək, vətənə müsbət nəticə ilə dönəcəyik. Bu sözləri Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edən “Qəbələ” futbol klubunun kapitanı Asif Məmmədov deyib. Təcrübəli yarımmüdafiəçi Türkiyə təmsilçisi “Qaziantep” (1:2) və Rumıniya “Çiksereda” klubları (2:1) ilə yoxlama görüşləri barədə danışarkən bildirib: “Vaxtımız az olduğu üçün iki yoxlama görüşü keçirdik. Türkiyə Superliqa təmsilçisi “Qaziantep”lə qarşılaşma birinci sınağımız idi. Həmişə ilk matçlar ağır olur. Uduzmağımıza baxmayaraq, bu qarşılaşmada da yaxşı oynadıq. Həmin matçdan nəticə çıxardıq və Rumıniya klubu “Çiksereda”ya qalib gəldik. Hamı fikirləşə bilər ki, Rumıniya çempionatının Birinci Liqa təmsilçisi zəif komandadır. Amma heç də onların düşündüyü kimi deyil. Bu klubun büdcəsi də bizdən yüksəkdir, heyətində də təcrübəli və yetərincə səviyyəli futbolçular var. Heç kim fikirləşməsin ki, zəif komandanı udmuşuq”. A.Məmmədov Konfrans Liqasının görüşlərinə hazırlığı da qiymətləndirib: “Konfrans Liqasına tam, 100 faiz hazır olduğumuzu deməzdim. Macarıstan klubu ilə ilk matça 70-80 faiz hazırıq. Yoxlama və rəsmi oyunlar eyni deyil”. “Macarıstan klubu güclü rəqibdir. Ustalıq səviyyəsi ilə seçilən futbolçuları da var. Üç matçı izləmişik. Bu komanda hücuma çıxanda təhlükəli olur. Bizi qarşıda çətin oyun gözləyir. Təbii ki, ağır olacaq. Lakin ötən mövsüm o qədər əziyyət çəkməmişik ki, ilk rəqiblə dueldə mübarizəni dayandıraq. Futboldur, hər şey ola bilər. Mərhələ adlamaq üçün əlimizdən gələn, bizdən asılı olan hər şeyi edəcəyik”, - deyə futbolçu əlavə edib. Xatırladaq ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də, cavab matçı 28-də baş tutacaq. Komandamız ilk matçı səfərdə keçirəcək. |
|
Xəbər 281 dəfə oxundu. |
|
|