Yozef Blatter və Mişel Platini korrupsiya işi üzrə bəraət qazanıblar | |
Beynəlxalq Futbol Federasiyasının (FIFA) sabiq prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq rəhbəri Mişel Platini fırıldaqçılıq və korrupsiya işi üzrə bəraət qazanıblar. Bu barədə France Press agentliyi məlumat yayıb. Məlumata görə, İsveçrə Federal cinayət məhkəməsi sabiq funksionerlərin bir il 8 ay azadlıqdan şərti məhrum olunmasına dair prokurorun tələbini təmin etməyib. 2021-ci il noyabrın 2-də İsveçrə prokurorluğu Yozef Blatter və Mişel Platinini FIFA-nın hesabından ikincinin xeyrinə qanunsuz olaraq 2 milyon İsveçrə frankı (təxminən 2,2 milyon dollar) köçürməkdə ittiham etmişdi. Onlar həmçinin dələduzluq, etimaddan sui-istifadə və yarıtmaz idarəetmə ittihamı ilə mühakimə olunurdular. 1998-2002-ci illərdə Mişel Platini FIFA prezidenti Yozef Blatterin məsləhətçisi vəzifəsində çalışmış və bu dövr ərzində illik 300 min İsveçrə frankı məbləğində əmək haqqı almış, məsləhətçi kimi fəaliyyət göstərməsindən 8 ildən çox vaxt ötdükdən sonra təşkilatın ona 2 milyon frank borcu olduğunu bəyan etmişdi. 2011-ci ilin əvvəlində Yozef Blatterin köməyi ilə müvafiq ödənişlər həyata keçirilmişdi. Federal prokurorluq tərəfindən toplanmış sübutlar bu ödənişlərin əsassız olması şübhəsini gücləndirmişdi. Hazırda 86 yaşı olan isveçrəli Yozef Blatter 1998-2015-ci illərdə FIFA-nın rəhbəri vəzifəsində çalışıb. O, 2015-ci ildə Mişel Platininin pul köçürmələri ilə bağlı 8 il futboldan uzaqlaşdırılıb. 2016-cı ilin fevralında FIFA-nın Apelyasiya Komitəsi bu müddəti 6 ilə qədər azaldıb. 2021-ci ildə qurumun İntizam Komitəsi müxtəlif pozuntulara görə Yozef Blatterın cəzasını daha 6 il 8 ay müddətinə uzadıb. 2015-ci ilin sonunda FIFA-nın vitse-prezidenti vəzifəsini icra edən 67 yaşlı Mişel Platini də eyni iş üzrə 8 il futbol fəaliyyətindən uzaqlaşdırılıb. Sonradan FIFA-nın Apelyasiya Komitəsi onun cəzasını 6 ilə, İdman Arbitraj Məhkəməsi (CAS) isə 4 ilə endirib. |
|
Xəbər 399 dəfə oxundu. |
|
|