Azərbaycan Cüdo Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu qazanıb | |
İspaniyanın paytaxtı Madriddə Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. 14 hakimin iştirakı ilə keçirilən imtahan BCF-in hakimlər üzrə direktoru Daniel Florin Laskau və Avropa Cüdo Birliyinin hakimlər komitəsinin sədri Aleksandr Yastkeviç tərəfindən təşkil olunub. İmtahanda ACF-in hakimlər heyətinin üzvü Nazim Umbayev də iştirak edib. Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra həmin tarixlərdə keçirilən böyüklər arasında açıq Avropa kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən N.Umbayev “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib. Xatırladaq ki, cari ilin mayında ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli də “A” kateqoriyalı hakim statusu qazanıb. Azərbaycan Cüdo Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcək. |
|
Xəbər 519 dəfə oxundu. |
|
|