Formula 1: Karlos Sayns Bakıda maşınının distansiyadan çıxmasının səbəbini izah edib
“Ferrari” komandasının pilotu Karlos Sayns üçün Formula 1 Azərbaycan Qran-Prisi vaxtından əvvəl başa çatıb: doqquzuncu dövrədə texniki problemlər yarandığına görə ispaniyalı pilot bolidini təhlükəsizlik zonasında dayandırıb. Sayns nə baş verdiyini yürüş başa çatandan sonra izah edib.

Sayns “Sky Sports” nəşrinə müsahibəsində deyib: “Səkkizinci və ya doqquzuncu dövrədə hidravlika sıradan çıxdı. Bu, mənə çox pis təsir etdi, çünki şinləri qoruyurdum və hücum etməyə yenicə başlamışdım. Mən bunu edən kimi hidravlika çıxdı.

Bu mövsüm hələlik açıq-aşkar mənim xeyrimə deyil. Mənim maşınımda əvvəl belə bir problem olub-olmadığını bilmirəm. Fikrimcə, olmayıb. İndiyə qədər maşının etibarlılığı baxımından ciddi problemlərim olmayıb, sadəcə bəxtimiz gətirməyib. Gah bir, gah da başqa məsələdə. İndiyə qədər iki ardıcıl yürüşü sərgüzəştsiz başa vura bilməmişəm. Bu çox kədərlidir, lakin biz komandayıq və təslim olmaq fikrincə deyilik. İnanıram ki, yaxşı günlərimiz hələ irəlidədir”.

Xəbər 573 dəfə oxundu.