Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib | |
Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində üçüncü oyununu keçirib. Litvalı baş hakim Donatas Rumsasın idarə etdiyi matçda komandamız Slovakiya yığmasını qəbul edib. Millətlər Liqasında bu mövsüm doğma meydanda ilk maçına çıxan Azərbaycan komandasının start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Huseynov, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Eddi İsrafilov, Riçard Almeyda, Renat Dadaşov və Ramil Şeydayev yer alıblar. Slovakiya yığmasında isə meydana Marek Rodak, Peter Pekarik, Vernon de Marko, Martin Valyent, Lübomir Şatka, Tomaş Suslov, Patrik Qoroşovski, Lukaş Qaraslin, Stanislav Lobotka, David Strelets və Albert Rusnak çıxıblar. “Dalğa Arena” stadionunda keçirilən görüşdə millimiz rəqibinə 0:1 hesabı ilə məğlub olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb. Lakin ikinci hissənin 81-ci dəqiqəsində rəqib komanda hesabda önə keçib. Slovakiyanın heyətində oyuna sonradan daxil olan Vladimir Vays fərqlənib. Xatırladaq ki, Slovakiya birinci turda Belarusa səfərdə 0:1 hesabı ilə qalib gəlib, ötən turda öz meydanında Qazaxıstana 0:1 hesabı ilə uduzub. Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olub. İkinci turda isə millimiz Serbiyada Belarusla qolsuz heç-heçə edib. Bu gün qrupun digər matçında Belarus komandası Serbiyada Qazaxıstanla qarşılaşacaq. Hazırda Qazaxıstan 6 xalla C Liqasının üçüncü qrupunda liderdir. Slovakiya 6 xalla qrupda ikinci yerdə qərarlaşıb. Hərəyə 1 xalı olan Belarus və Azərbaycan yığmaları üçüncü, dördüncü yerləri bölüşürlər. Qeyd edək ki, komandamız növbəti görüşünü iyunun 13-də Bakıda Belarus seçməsinə qarşı keçirəcək. |
|
Xəbər 476 dəfə oxundu. |
|
|