Avropa Cüdo Birliyi: Fərhad Rəcəbli usta cüdoçular arasında hökmranlığını davam etdirir
Yunanıstanın Heraklion şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının birinci günü yekunlaşıb. Turnirdə 90 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan təmsilçisi Fərhad Rəcəbli uğurla çıxış edərək qızıl medala sahib olub.

Avropa Cüdo Birliyinin rəsmi saytında yarışın birinci gününün yekunlarına həsr edilən məqalə yerləşdirilib. Yazıda qeyd edilir ki, bir sıra yaş kateqoriyalarının birləşdirilməsinə və bununla da bəzi veteran cüdoçular üçün yarış şərtlərinin mürəkkəbləşməsinə baxmayaraq, Fərhad Rəcəblinin (62 yaş) möhtəşəm performans göstərməsinə heç kim mane ola bilməyib.

Bildirilib ki, Azərbaycan cüdoçuları arasında Avropa miqyaslı yarışlarda ilk dəfə medal qazanaraq, adını ölkə idmanı tarixinə yazdıran məhz Fərhad Rəcəbli olub. O, 1978-ci ildə Macarıstanda keçirilən gənclər arasında Avropa birinciliyində 3-cü yerə layiq görülüb. Azərbaycan cüdosunun tanınmış siması indiyədək veteranlar arasında 9 dəfə dünya və 8 dəfə Avropa çempionu tituluna sahib çıxıb.

Bununla kifayətlənməyən Fərhad Rəcəbli gənc nəslə örnək olaraq, bacarıqlarını daim təkmilləşdirir və tatami üzərində yeni qələbələrə imza atmaqda davam edir. Heraklionda da cüdo əfsanəmiz triumfla geri dönərək, öz qalib imicinə sadiq qalıb.

“Bu mənim səkkizinci Avropa medalımdır. Bildiyiniz kimi, bizim üçün cüdo təkcə idman deyil, həyat tərzidir. Yarışlarda iştirak etməyimlə yanaşı, 1985-ci ildən Sumqayıt şəhərində cüdo idman növü üzrə məşqçi kimi çalışıram. İndi mənimlə birgə turnirə qatılan veteran cüdoçular hələ altı-yeddi yaşlarında mənim tələbələrim idilər. Bunu görmək mənim üçün həm sevindirici, həm də qürurvericidir”, - deyə F.Rəcəbli Avropa Cüdo Birliyinin rəsmi saytına verdiyi müsahibədə vurğulayıb.

Məqalədə bildirilib ki, 50 il ərzində davamlı olaraq cüdo idman növündə idmançı və məşqçi kimi fəaliyyət göstərən F.Rəcəbli bütün cüdo ailəsi üçün nümunədir.

Xəbər 514 dəfə oxundu.