“Neftçi” klubu “Badamlı Azərbaycan kuboku” yarışının qalibi olub | |
Mayın 24-də futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının final oyunu keçirilib. Həlledici matçda Yüksək Liqanın bürünc mükafatçısı “Neftçi” və Birinci Liqanı dördüncü pillədə başa vuran “Alyans Qrup” komandaları qarşılaşıblar. Hər iki komandanın heyətində cəzalı futzalçılar olub. “Neftçi”dən Nurlan Mehdizadə görüşü kənardan izləyib. “Alyans Qrup”dan komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısı olduğu üçün görüşdə iştirak etməyib. Əvəzində Birinci Liqa təmsilçisinə Aqşin Muxtaroğlu kömək edib. Oyunda əvvəl dövlət himni səsləndirilib. Alyans Qrup”un futzalçısı Məhəmməd Xəlilov oyunun üçüncü dəqiqəsində status-kvonu pozub. Növbəti qol isə 10-cü dəqiqədə vurulub. Omid Talebi hesabı bərabərləşdirib. Növbəti dəfə “Neftçi”nin üzvü İlkin Hacıyev adını tabloya yazdırdı. O.Talebi cərimə zərbəsini birbaşa qapıya yönəltməklə fərqi 2 topa çatdırıb. Birinci hissənin sonuncu dəqiqəsində Yüksək Liqanın bürünc medalçısı daha bir qol vurdu. Bu dəfə Hasan Ali fərqlənib. İkinci hissədə də “Neftçi” üstünlüyünü artırıb və ölkə kubokunun qalibi olub – 6:2. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Azərbaycan Futzal Federasiyasının (AFF) əməkdaşı Xosrov Məmmədov və “Badamlı” şirkətinin İdarə Heyətinin üzvü Nurlan Qasımov təqdim ediblər. Əvvəlcə hakimlər və hakim-inspektor fəxri kürsüyə dəvət olunub. Daha sonra “Alyans Qrup”un qapıçısı Seymur Usanova şirkət tərəfindən qapıçı əlcəkləri hədiyyə olunub. “Neftçi”nin heyətində het-trik edən Omid Talebi isə final oyununun ən yaxşısı kimi mükafatlandırılıb. Mövsüm ərzində 30-a yaxın oyunun canlı yayımını təşkil etdiyinə, eləcə də futzalın təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyinə görə AFF adından CBC Sport televiziya kanalına təşəkkür plaketi verilib. “Araz-Naxçıvan” klubunun vitse-prezidenti Mahmud Sadıqov və idman direktoru Marat Salyansk mövsüm boyu klubla əməkdaşlıq edən “Badamlı” şirkətinə xatirə hədiyyəsi təqdim edib. Sonra finalda iştirak edən “Alyans Qrup”un üzvlərinə gümüş, qalib “Neftçi”yə isə qızıl medallar və ölkə kuboku təqdim edilib. |
|
Xəbər 346 dəfə oxundu. |
|
|