“Çendu-2021” universiadası ikinci dəfə təxirə salınıb | |
Çinin Çendu şəhərində 2021-ci ildə keçirilməli olan, sonradan 2022-ci ilə təxirə salınan tələbələrin 31-ci Yay Universiadasının vaxtı ikinci dəfə dəyişdirilib. Beynəlxalq Universitet İdmanı Federasiyası (FISU) 31-ci Yay Universiadasının 2023-cü ildə keçirilməsinə qərar verib. Federasiyanın icraçı prezidenti Leonz Eder məsələyə dair açıqlamasında qərarın qəbul edilməsinin asan olmadığını, amma bunun atletlərin rifahı baxımından doğru addım olduğunu vurğulayıb. Ekspertlər FISU-nun açıqlamasında konkret səbəb göstərilməsə də, son vaxtlar Çində epidemik vəziyyətin ağırlaşmasının universiadanın təxirə salınmasına əsas yaratdığını güman edirlər. “Çendu-2021” Universiadası ilə yanaşı, Çinin Hancou şəhərində cari ilin sentyabrında keçirilməsi planlaşdırılan 19-cu Asiya Oyunları da təxirə salınıb. Asiya Olimpiya Şurasının icraiyyə komitəsi müvafiq qərarı Çin Olimpiya Komitəsi və “Hancou-2021”in təşkilat komitəsi ilə məsləhətləşmələrdən sonra qəbul edib. 19-ci Asiya Oyunlarının yeni vaxtı yaxın gələcəkdə müəyyən ediləcək. Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilməli olan 31-ci Yay Universiadasının vaxtı “Tokio-2020”nin də ötən ilə təxirə salınması ilə əlaqədar 2022-ci ilin iyun ayına keçirilmişdi. Cədvəl üzrə 2023-cü ilin avqustunda Rusiyanın Yekaterinburq şəhərində keçirilməli olan 32-ci Yay Universiadası isə FISU-nun aprel ayında qəbul etdiyi qərarla təxirə salıb. Federasiya Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakını da dayandırıb. 2025-ci ildəki Yay Universiadası isə Almaniyanın Reyn-Rur bölgəsində təşkil olunacaq. |
|
Xəbər 484 dəfə oxundu. |
|
|