Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində sinxron şahmat yarışı keçiriləcək | |
Aprelin 30-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində sinxron şahmat yarışı təşkil ediləcək. Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirdə avstriyalı peşəkar və həvəskar şahmatçılar azərbaycanlı qrosmeyster Nicat Abasova qarşı mübarizə aparacaqlar. Yarışda 30 şahmatçı eyni vaxtda N.Abasovun rəqibi olacaq. Tədbirin məqsədi dünya şahmatında öz sözünü deyən Azərbaycan şahmat məktəbinin nümayəndəsini geniş ictimaiyyətə tanıtmaq, gənclər arasında şahmatın tanınmasına töhfə vermək və həmçinin Avstriya və Azərbaycan şahmatçıları arasında əlaqələri dərinləşdirməkdir. Mayın 1-də isə eyni məkanda qrosmeyster Nicat Abasovun uşaq və yeniyetmələrlə şahmat görüşü keçiriləcək. Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə təşkil edilən görüşdə Avstriyada yaşayan soydaşlarımız və şahmata həvəs göstərən uşaq və yeniyetmələr iştirak edəcəklər. Zəka oyununa uşaqların marağını artırmaq məqsədilə keçirilən tədbirdə N.Abasov şahmat aləminə gəlişindən, erkən yaşda bu idman növünü yaxşı öyrənməyin yollarından və ilkin mərhələdə hansı addımların atılmasının vacibliyindən danışacaq. Hazırda dünya reytinqində 127-ci, Avropada 78-ci və Azərbaycan şahmatçıları arasında 6-cı yer tutan Nicat uşaqlara ustad dərsi nümayiş etdirəcək. Başlanğıc üçün bir sıra mühüm qayda, debüt və gedişləri göstərəcək. Hər iki tədbirdə iştirak etmək üçün qeydiyyat aprelin 25-dək aparılacaq. |
|
Xəbər 249 dəfə oxundu. |
|
|