Azərbaycan millisinin Bakıda keçiriləcək dünya kuboku yarışları üçün heyəti açıqlanıb
Aprelin 22-dən 24-dək Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Turnirdə ölkəmizi təmsil edəcək heyət açıqlanıb.

Milli Gimnastika Arenasında təşkil olunacaq dünya kuboku yarışlarında ölkəmizi fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Sarya Sorokina təmsil edəcəklər.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi beşinci beynəlxalq turnirdə 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140 gimnast iştirak edəcək.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər.

Xəbər 317 dəfə oxundu.