Samir Abbasov: Üzərimizdə psixoloji təzyiq var idi
Məcburiyyətdən çox qaçdıq. Çünki kubokun cavab oyununa bir az gümrah çıxmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Futbolçuları da başa düşürəm. Üzərimizdə psixoloji təzyiq var idi.

Bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov səfərdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra deyib.

Qırx dörd yaşlı mütəxəssis bildirib ki, bugünkü görüşdə ilk məqsəd qələbə qazanaraq uğurlu seriyanı davam etdirmək idi: “İkinci məqsəd isə görüşə tam heyətlə çıxmaq idi. Təəssüf ki, Sezar Meza Kolli, İvan Brkiç, Vojislav Stankoviç, Mert Çelik kimi oyunçular zədələdirlər. Onların olmaması komandaya təsir göstərdi. Həmin futbolçuların “Zirə”yə qarşı ölkə kubokunun cavab görüşündə iştirakı da sual altındadır. Düşünürdük ki, oyun yaxşı gedərsə, bəzi futbolçuları matçın gedişində dəyişib, onlara istirahət verərik. Bu da alınmadı. İkinci hissədə azlıqda qaldıqdan sonra həddən artıq çox təzyiqlə üzləşdik. Bu da normal haldır”.

Abasov son oyunlarda heyətlə bağlı müəyyən problemlər yaşadıqlarını söyləyib: “Meydanda 10 və ya 11 nəfərlə qalmağın fərqi yoxdur. Sona qədər mübarizə aparmaq lazımdır. Əsas odur ki, bu gün də uğurlu seriyanı davam etdirdik. Başqa çıxış yolumuz yoxdur. Yolumuza davam edirik. Bəzi zədəlilərimiz təkrar müayinədən keçəcəklər. Onlardan cavab gözləyirik. Ehtiyat oyunçular skamyamıza baxsanız, görərsiniz ki, vəziyyətimiz ürəkaçan deyil”.

O, artıq “Qarabağ”ı çempion hesab etdiyini vurğulayıb: “Gəlin, bunu gizlətməyək. Çünki iki komandanın digərlərinə qarşı oyunu göz önündədir. Mən deməklə deyil. Bu gün heç “Qarabağ”ı düşünmürdük. Yalnız bir məqsədimiz var idi ki, seriyanı davam etdirək, kubok öncəsi əhval-ruhiyyəmiz yaxşı olsun. Əsas heyət üzvlərinin olmamasının komandaya nə qədər təsir etdiyini bilirəm. Çünki öz aralarında da danışırlar”.

Baş məşqçi Ömər Buludovun ikinci sarı vərəqə ilə meydandan qovulmasına da toxunub: “Həmin anı oyun epizodu saymıram. “Neftçi”nin futbolçusu belə hadisənin yaşanmasına imkan verməməlidir. Deməli, o qədər təzyiq altındasan ki, passivində bir sarı ola-ola durduğun yerdə rəqibi dartırsan, haqlı olaraq da qırmızı vərəqə alırsan. Futbolçumuz həmin dəqiqə düşdüyü situasiyanı analiz edə bilmirsə, bizə nə qədər çətin olduğunu anlayın”.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev: “Rəqibdən üstün oynadıq. Kifayət qədər epizodlarımız oldu. Sadəcə, son nöqtəni qoymaq üçün ustalıq çatmadı. Planımız böyük ölçüdə alındı. İkinci hissədə rəqib azlıqda qaldıqdan və hesabı açdıqdan sonra belə, oyundan qopmadıq. Hətta qol da vurduq. Düşünürəm ki, təmiz qol idi. Təkrara baxdıqdan sonra bir daha əmin olduq”.

O, görüşün baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyindən narazılığını dilə gətirib: “Oyunun tempini daha çox referi aşağı salırdı. Halbuki buna ehtiyac yox idi. Bəzi qərarlarını anlamadıq. Rəqib qapıçı oyunu kifayət qədər gecikdirirdi. Biz əks-hücuma keçəndə matçı saxlayıb, sarı vərəqə göstərirdi. Bir sözlə, rəqibə azlıqda olduğunu hiss etdirmədi”.

Hacıyev komandasının çıxışından razı qaldığını vurğulayıb: “Rəqibdən geri qalmasaq da, ustalıq səviyyəmiz aşağı idi. Məğlub olmamalıydıq. Düşünürəm ki, “Neftçi” özü də 3 xal qazanacağını gözləmirdi. Qarşıdakı matçlara baxacaq, layiqli mübarizə aparmağa çalışacağıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

Ətraflı

Xəbər 302 dəfə oxundu.