Bolqarıstanlı Boryana Kaleyn Milli Gimnastika Arenasında ikinci qızıl medalını qazanıb
Bolqarıstan təmsilçisi Boryana Kaleyn Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında ikinci qızıl medalını qazanıb
Gimnastın lent ilə final mərhələsində çıxışı 29,750 xalla qiymətləndirilib.

İsrailli Daria Atamanov 29,200 xalla turniri ikinci, Sloveniya gimnastı Yekaterina Vedeneeva 29 xalla üçüncü pillədə başa vurublar.

B.Kaleyn topla proqramda da birinci olub. Fərdi çoxnövçülük yarışında isə gimnast gümüş medal əldə edib. Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışa 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast qatılıb.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 311 dəfə oxundu.