FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov yarımfinal uğrunda mübarizə aparacaq
Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov B qrupunun sonuncu - 6-cı turunda Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib.

Beləliklə, 3,5 xal toplayan Ş.Məmmədyarov onunla eyni xala malik olan almaniyalı Vinsent Keymerlə yarımfinal uğrunda tay-breykdə mübarizə aparmalı olacaq.

Turnirdə ümumilikdə 16 şahmatçı iştirak edir.

Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı mübarizə aparır. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Xəbər 320 dəfə oxundu.