"Qarabağ" klubu "Qəbələ"ni böyük hesabla məğlub edib | |
Martın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib. "Azersun Arena"da "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1. Matçın əvvəlində qonaqlar ciddi itki ilə üzləşib. Omar Hani epizodların birində ayağından aldığı zərbə səbəbindən 10-cu dəqiqədə yerini Ülvi İsgəndərova verməli olub. Bundan 8 dəqiqə sonra isə "Qarabağ" hesabı açıb. Braziliyalı yarımmüdafiəçi Kadi Borges cərimə zərbəsindən topu birbaşa rəqib qapısına göndərib. "Qəbələ" bərabərlik qolunu 40-cı dəqiqədə vurub. Kevin Medina İsnik Alimini yerə yıxdığı üçün Elçin Məsiyev "Qarabağ"ın qapısına penalti təyin edib. İsnik Alimi bu fürsətdən lazımınca yararlanmağı bacarıb - 1:1. İlk hissə bu hesabla başa çatıb. Meydan sahibləri ikinci hissədə aşkar üstünlük əldə ediblər. Matçın 50-ci dəqiqəsində əks-hücum nəticəsində qonaq komandanın müdafiəçisi Murad Musayev və qapıçı Nicat Mehbalıyevin kobud səhvindən yararlanan İbrahima Vadji Premyer Liqada 5-ci qolunu vurub. Oyunun 65-ci dəqiqəsində isə künc zərbəsindən sonra Medina fərqi artırıb. Bundan 3 dəqiqə sonra Filip Ozobiç komandasının 4-cü, özünün isə çempionatda 8-ci qolunu vurub. Matçda son nöqtəni 89-cu dəqiqədə Abdullah Zubir qoyub. O, Premyer Liqada 7-ci qolunu vurub. Beləliklə, xallarını 40-a çatdıran "Qarabağ" ilk pillədə möhkəmlənib. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın ehtiyatda "Sumqayıt"la təxirə salınmış oyunu da var. "Qəbələ" isə 32 xalla 3-cü yerdə gedir. |
|
Xəbər 335 dəfə oxundu. |
|
|