Qarışıq cütlüyümüz dünya yaş qrupları yarışlarında balans hərəkətində proqramını icra edib
Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında 12-18 yaş kateqoriyasında mübarizə aparan qarışıq cütlüyümüz - Milana Əliyeva və Nizam Xamidulin balans hərəkətində proqramı icra edib.

Cütlüyümüzün çıxışı 27,100 xalla qiymətləndirilib. Komandamız ötən gün temp hərəkətində hakimlərdən 27 xal almışdı. İki hərəkətin cəmində cütlüyümüz 54,100 xalla ikinci pillədə qərarlaşıb.

Hazırda qarışıq cütlüklər arasında balans üzrə təsnifat yarışı davam edir.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.

Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.

Xəbər 434 dəfə oxundu.