Serbiyada yeniyetmə və gənc qılıncoynadanlar arasında Avropa birinciliyi başa çatıb
Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclər arasında Avropa birinciliyində gənclərin şəxsi yarışına yekun vurulub.

Gənc şpaqaçı qızların şəxsi yarışında Xədicə Həsənli (3 qələbə) və Alfiyə Abdinova (2 qələbə) qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər.

Xədicə ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə norveçli Vilde Tengesdala 11:12 hesabı ilə uduzub. Alfiyə isə pley-offda Türkiyə təmsilçisi Aleyna Eltürkə 10:15 hesabı ilə məğlub olub. Nazilə Rəhimova və Azərin İdriszadə qrup mərhələsini adlaya bilməyiblər.

Gənc oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Barat Quliyev pley-offda Almaniya idmançısı Fabio Murruya 10:15 hesabı ilə uduzub.

Gənc qız sablyaçıların şəxsi yarışında yeganə təmsilçimiz Sofiya Mamina qrupu mərhələsini 2 qələbə ilə başa vuraraq pley-offa yüksəlib. O, ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Sirielle Girardinə 10:15 hesabı ilə məğlub olub.

Xəbər 362 dəfə oxundu.