Bakı keçiriləcək 12-ci dünya yaş qrupları yarışlarında 26 ölkədən 466 gimnast iştirak edəcək | |
Martın 3-dən 6-dək Bakı akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edəcək. Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən, 26 ölkədən 466 gimnastın iştirakı gözlənilir. Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar. Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək. 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edib. Ötən il İsveçrənin Cenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə 11-ci dünya yaş qrupları yarışları təmsilçilərimizin bürünc medal qazanması ilə yadda qalmışdı. Belə ki, Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (12-19 yaş qrupu) ibarət qadın qrupumuz qarışıq hərəkətlər proqramı üzrə final çıxışlarına görə fəxri kürsünün üçüncü pilləsində yer almışdılar. Bu medal Azərbaycan gimnastika tarixində məhz dünya yaş qrupları yarışlarında qadın qrupu proqramında əldə olunan ilk nəticə olub. Həmin yarışda finala yüksələn Milana Əliyeva və Nizam Xamidulindən (12-19 yaş qrupu) ibarət qarışıq cütlüyümüz 5-ci olmuşdu. Qeyd edək ki, paytaxtımızda keçiriləcək yarışın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır. |
|
Xəbər 331 dəfə oxundu. |
|
|