Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub
Fevralın 1-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub.

Görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, bacısı – beynəlxalq qrossmeyster Türkan Məmmədyarova, atası Həmid Məmmədyarov iştirak ediblər.

Məktəbdə yaradılan şərait barədə məlumat verilərək bildirilib ki, burada eyni zamanda 30 uşaq şahmatla məşğul ola bilər. Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi balacalara və yeniyetmələrə şahmatın sirlərini tədris etmək, gələcəkdə yığma komandada çıxış edəcək yeni adların üzə çıxmasına dəstək olmaqdır.

Şəraitlə tanış olan nazir Fərid Qayıbov uşaqların hazırlığı ilə maraqlanıb. Məktəbin yetirmələrinin ilk uğurları barədə məlumat verilib. Bildirilib ki, “Məmmədyarovlar” məktəbinin yetirmələri aşağı yaş qrupları üzrə Respublika birinciliklərində uğurla çıxış edirlər.

Görüş zamanı qarşıdakı planlar barədə müzakirələr aparılıb. Fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub.

Xəbər 388 dəfə oxundu.