“Azərbaycanla səfər oyunumuz çox çətin keçəcək”
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəkləri ilk oyunlar öncəsi fikirlərini açıqlayıb. İdman.com.az xəbər verir ki, o, açıqlamasında eyni qrupda yer aldıqları Portuqaliya, Rusiya, İsrail, Azərbaycan və Lüksemburqla bağlı düşüncələrini dilə gətirib. İrlandların çalışdırıcısı öncə qonşu Rusiya yığması barədə danışıb:

“Bu komanda Avropa şempionatı-2012-də kifayət qədər qoca heyətə malik idi. Amma indi bu komandada müəyyən dəyişikliklərin olacağını düşünürəm. Amma ruslar bizim üçün çox çətin rəqibdilər. Ən azı ona görə ki, ilk oyunumuzu məhz bu komandaya keçirəcəyik. Əlbəttə, başqa rəqiblə də qarşılaşa bilərdik. Amma istənilən halda bütün komandalarla üz-üzə gələcəyik və bunun o qədər də ciddi fərqi yoxdu”.

O`Nil ilk oyununu Azərbaycana qarşı keçirəcək İsrail barədə bunları söyləyib: “İsrailin səviyyəsi barədə danışmaq çətindi. İstənilən halda belə yerlərdə oynamaq heç də asan deyil”.

Şimali İrlandiya millisinin çalışdırıcısı Azərbaycan yığması barədə də danışıb: “Azərbaycan futbol planında sürətlə inkişaf edir. Çünki bu ölkənin futboluna böyük pullar yatırılır. Şübhə etmirəm ki, bu komanda ilə səfərdəki oyunumuz çox çətin keçəcək”.

Maykl O`Nil qarşıdakı seçmə mərhələdəki əsas hədəfləri barədə danışarkən bunları dilə gətirib: “İstənilən halda bütün rəqiblərimizlə görüşlərimiz çətin olacaq. Ona görə də ən azı evdə mümkün qədər az xal itirməliyik”.

Qeyd edək ki, Şimali İrlandiya ilə Azərbaycan yığmaları arasındakı ilk oyun noyabrın 14-də Belfastda, “Vindzor Park”da keçiriləcək.


Xəbər 993 dəfə oxundu.