«Topçu»nu sürət həbsə ata bilər | |
London «Arsenal»ının müdafiəçisi Andre Santosu polis avtomobili yüksək sürətlə idarə etməsinə görə saxlayıb. İdman.com.az saytı xəbər verir ki, Santos öz maşınında saatda 209 kilometr sürətlə gedib onu izləyən polislərdən qaçmaq istəyib. Hadisə avqustun 17-də baş versə də, mətbuata bu xəbər yalnız 5 gündən sonra sızıb. 29 yaşlı Santosu polis «Arsenal»ın Londonun şimalındakı məşq bazası yaxınlığında saxlayıb. Santos səhər saatlarında 100 min funtdan yuxarı dəyəri olan «Maserati GranTurismo»sunun sükanı arxasında idi. Futbolçu saxlanıldıqdan sonra alkoqol testindən keçməyib. Onu sentyabrda öz ayağı ilə polisə gəlməsi şərtilə sərbəst buraxıblar. Əgər o, avtomobili təhlükəli sürməkdə günahkar bilinərsə, iki illik həbslə üzləşə bilər. Santos əvvəllər Braziliyada «Fiqeyrense», «Flamenqo», «Atletiko Mineyro» və «Korintians» komandalarının formalarını geyinib. 2009-cu ildə «Fənərbağça»ya keçib. «Arsenal»ın ötən il aldığı futbolçu yeni komandasında əsas heyətdə özünə yer edə bilməyib. Santosun Braziliya yığmasının heyətində 22 oyunu var. |
|
Xəbər 1046 dəfə oxundu. |
|
|