AMADA “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir keçirib
Dekabrın 20-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmanda narkotik vasitələrlə mübarizəyə həsr olunmuş “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir keçirib.

Tədbirdə AMADA ilə yanaşı, Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin (DİN) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə əvvəlcə idmanda narkotik vasitələrdən istifadə halları və onun fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.

AMADA-nın direktoru Şəfəq Hüseynli tədbirdə çıxış edərək problemin aktuallığını vurğulayıb, Agentliyin bu sahədə gördüyü işlərlə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 dekabr tarixli Sərəncamı ilə AMADA-nın “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumları siyahısına əlavə edilməsindən sonra bu istiqamətdə fəaliyyət daha da genişləndirilib. Təkcə bu il antinarkotik təbliğatı və maarifləndirmə məqsədilə idman federasiyaları, idmançılar və onların köməkçi heyəti üçün 8 vebinar, 25 seminar və 1 tədbir keçirilib. Bundan əlavə, təşkil edilən çoxsaylı digər antidopinq maarifləndirmə tədbirlərində narkotiklə mübarizə məsələsinə xüsusi diqqət yetirilib. AMADA antinarkotik fəaliyyətini Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə qurub. Dövlət Komissiyasının təşkil etdiyi tədbirlərdə də AMADA-nın əməkdaşları fəal iştirak ediblər.

Ş.Hüseynli bildirib ki, idmanda narkotik vasitələrdən istifadə dünyada da aktual problemdir. Narkotik vasitələr Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan edilmiş maddələr siyahısına daxil edilib. Çoxlu sayda idmançı məhz narkotik vasitələrdən istifadə etdiklərinə görə sanksiyalara məruz qalıb. Azərbaycanda da belə hallara rast gəlinir. AMADA-nın beşillik fəaliyyəti dövründə yeddi belə hal aşkarlanıb. Bu isə test nümunələri əsasında aşkarlanmış antidopinq qayda pozuntularının təxminən 11 faizini təşkil edir.

AMADA-nın direktoru Azərbaycanda bu sahədə vəziyyəti ətraflı təhlil etmək məqsədilə Agentlik tərəfindən genişmiqyaslı tədqiqat layihəsinin icra edildiyini vurğulayıb. Tədqiqatın nəticələri barədə geniş təqdimatla çıxış edən Ş.Hüseynli bildirib ki, həmin nəticələr bu istiqamətdə fəaliyyəti daha da təkmilləşdirməyə, xüsusən maarifləndirmə tədbirlərində prioritetləri müəyyənləşdirməyə və idman sahəsində narkotiklə mübarizə işini daha səmərəli təşkil etməyə imkan verir.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova narkotiklərlə mübarizə sahəsində gənclərlə bağlı görülən işlər, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov Komissiyanın fəaliyyəti, Milli QHT Forumunun prezidenti Rauf Zeyni narkotiklə mübarizədə ictimaiyyətin rolu, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov narkotik maddələrlə mübarizə sahəsində görülən işlər, Dövlət Gömrük Komitəsinin əməkdaşı Səttar Fətəliyev narkotik maddələrin ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər barədə çıxış ediblər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 356 dəfə oxundu.